Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim.
50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb.
Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır.
1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır.
1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb.
1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.